Prezident Administrasiyasının ərazi-təşkilat şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyasının illik hesabat yığıncağında bələdiyyələrin ötən ilki fəaliyyətinə münasibət bildirib.
Çıxışında sektor müdiri müsbət nümunə kimi Sabunçu rayonunun Bakıxanov bələdiyyəsinin işə kreativ yanaşmasını misal gətirib.
Belə ki, bu bələdiyyə nəzdində artıq 2 müxtəlif profilli məhdud məsuliyyətli cəmiyyət təsis edilib və Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Bunlardan biri - “Bakıxanov bələdiyyəsi Dizayn, Layihə, Təmir, Tikinti, Xidmət” MMC bu günlərdə fəaliyyətə başlayıb, “Bakıxanov bələdiyyəsi Taksi Xidməti” MMC isə artıq qəsəbə sakinlərinə xidmət göstərir. 2018-ci ildə Bakıxanov bələdiyyəsi sosial-iqtisadi yönümlü daha bir layihəni həyata keçirməyi planlaşdırır. Qəsəbə sakinlərini daha ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin etmək məqsədilə bələdiyyə müəssisəsi Abşeron rayonunun Məmmədli bələdiyyəsinin ərazisində 3 hektar torpaq sahəsini uzunmüddətli icarəyə götürüb. Həmin torpaq sahəsində əhalinin daha çox tələbatı olan kənd təsərrüfatı məhsullarının yetişdirilməsi və satışını təşkil etmək məqsədilə yeni bir müəssisənin yaradılmasına başlayıb. Bu nümunə kifayət edir ki, digər bələdiyyə sədrləri ciddi düşünsünlər və bu istiqamətdə əməli fəaliyyətə başlasınlar. Necə olur ki, Bakıxanov bələdiyyəsi bu addımı atır, amma digər bələdiyyələr hələ də düşünürlər”, - deyə Emin Eyvazov vurğulayıb.
Sektor müdirinin sözlərinə görə, bu gün Zakatala rayonu əliabad bələdiyyəsi və Samux rayonu Sərkar bələdiyyəsini də fəal bir qurum olaraq bu sıraya aid etmək olar. Hər bir bələdiyyə məhz bələdiyyə müəssisələrinin yaratması barədə düşünməlidir.
Sektor müdiri bələdiyyələrin inkişafında mövcud vəziyyətdən və perspektivlərdən danışarkən bildirib ki, özünüidarəetmə orqanlarının maliyyə-iqtisadi vəziyyətinin zəifliyi, vətəndaşların sosial sifarişlərindən irəli gələn iri layihələri reallaşdıra bilməməsi, bələdiyyələrdə kadr potensialından düzgün istifadə olunmaması kimi irad və problemlər hələ də həllini tapmayıb. Elə bu səbəbdən də tövsiyə olunan istiqamətlər üzrə tədbirlər bundan sonra da davam etdirilməlidir.
Belediyye.info